Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) müntəzəm yarışa yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu – 20-ci turun hər üç görüşü eyni gündə keçirilib.
Tura Gəncədə eyniadlı komandanın “Azərreyl”lə matçı ilə start verilib. Oyun “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər görüşlər Bakıda keçirilib. “Abşeron” “Murov”a, “Milli Aviasiya Akademiyası” isə UNEC-ə qalib gəlib.
Beləliklə, “Abşeron” çempionatın əsas mərhələsini 52 xalla zirvədə tamamlayıb. “Milli Aviasiya Akademiyası” 43 xalla ikinci, “Azərreyl” isə 35 xalla üçüncü olub.
İlkin mərhələnin turnir cədvəlində ilk dörd pillədə qərarlaşmış “Abşeron”, “Milli Aviasiya Akademiyası”, “Azərreyl” və “Gəncə” komandaları pley-offa vəsiqəni rəsmiləşdiriblər. 5-ci yeri tutan “Murov” və sonuncu olan UNEC ölkə birinciliyində mübarizəni dayandırıblar.
Yarımfinalda çempionatın lideri “Abşeron” dördüncü yerin sahibi “Gəncə” ilə görüşəcək. Digər yarımfinal matçı isə “Milli Aviasiya Akademiyası” və “Azərreyl” arasında baş tutacaq. Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi “qızıl set”də müəyyənləşəcək.
Qadın voleybolçuların pley-off mərhələsinin oyunları aprelin 15-də və 17-də baş tutacaq.
Yüksək Liqa
20-ci tur
12 aprel
“Gəncə” – “Azərreyl” 0:3 (24:26, 28:30, 16:25)
Gəncə İdman Sarayı.
“Abşeron” – “Murov” 3:1 (25:21, 25:16, 22:25, 26:24)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
“Milli Aviasiya Akademiyası” – UNEC 3:0 (25:12, 25:5, 25:13)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Xallar: Abşeron – 52. Milli Aviasiya Akademiyası – 43. Azərreyl – 35. Gəncə – 27. Murov – 23. UNEC – 0.


