Fransa çempionu PSJ-nin və Almaniya millisinin sol cinah vingeri Yulian Draksler Qətərin “Əl-Əhli” klubuna keçib.
Arena.az bu barədə “Əl-Əhli”nin mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. Transfer məbləğinin 9 milyon avro olduğu bildirilir. Bu məbləğ alman vingerin təxmin edilən bazar qiymətindən bahadır. Draksler “Əl-Əhli”də 7 nömrə altında çıxış edəcək.
Draksler PSJ-yə 2017-ci ildə 36 milyon avro müqabilində “Volfsburq”dan keçmişdi. Buna qədər isə Draksler 2011-2015-ci illərdə “Şalke”də çıxış edib və “mədənçilər”lə 2010/2011 Almaniya Kubokunu və 2011/2012 Almaniya Super Kubokunu qazanıb. Ötən mövsüm parislilər alman vingeri “Benfika”ya icarəyə göndərmişdilər. Geridə qalmış 2022/2023 mövsümündə Draksler “Benfika”nın heyətində 18 oyuna çıxıb, 2 qol vurub və “qartallar”la Portuqaliya Premyer Liqasını qazanıb.
Yulian Draksler PSJ-nin heyətində ümumilikdə 198 oyuna çıxıb, 26 qol vurub, 41 məhsuldar ötürmə verib. Alman vinger karyerasda ən çox qəniməti də məhz Fransa nəhəngi ilə qazanıb: 4 dəfə Fransa Liqa 1-nin, 4 dəfə Fransa Kubokunun, 3 dəfə Fransa Liqa Kubokunun, 4 dəfə Fransa Super Kubokunun qalibi olub.
Draksler 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 58 oyun keçirib, 7 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. Drkasler “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının və 2017-ci ildə Rusiyada keçirilmiş Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı Yulian Draksleri 6 milyon avro məbləğində qiymətləndirir.


