“Bayern”in sabiq çalışdırıcısı Yulian Nagelsman futbol üzrə Almaniya yığma komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, Almaniya Futbol İttifaqı (DFB) alman mütəxəssisin təyinatını bu gün rəsmən açıqlayıb.
36 yaşlı mütəxəssisin müqavilə müddəti 2024-cü ilin iyul ayının sonuna qədər qüvvədə olacaq.
Nagelsmanın köməkçiləri Almaniya yığmasının sabiq futbolçusu Sandro Vaqner və məşqçi Bencamin Qlük olacaq.
Nagelsman “bundestim”in sükanı arxasında sentyabrın 10-da istefaya göndərilmiş Hans-Diter Fliki əvəzləyib.
Almaniya millisinin yeni baş məşqçisi bu vəzifəyə təyin olunduğu üçün qürur duyduğunu bildirib:
“Ölkəmiz Avropa çempionatına ev sahibliyi edəcək. Bu, xüsusi bir şeydir, bir neçə onilliklər ərzində baş verən bir şey. Böyük ölkədə möhtəşəm turnir keçirməliyik. Bu vəzifədə çalışacağım üçün qürur duyuram. Mən bu çətinliyin öhdəsindən gələcəyimə inanıram. Qarşıdan gələn ildə biz vahid komanda olacağıq”.
Xatırladaq ki, futbol məşqçiliyi etibarı ilə gənc sayılan Yulian Nagelsman 2021-ci ilin iyulundan 2023-cü ilin martına qədər “Bayern”i çalışdırıb. Almaniya nəhəngi Nagelsmanın rəhbərliyi altında Bundesliqanı (2021/2022) və 2 dəfə Almaniya Super Kubokunu (2021, 2022) qazanıb. Münhenlilərə qədər gənc mütəxəssis “Hoffenhaym” (2016–2019) və “Leypsiq”i (2019–2021) çalışdırıb və “qırmızı öküzlər”lə Almaniya Kubokunun finalçısı (2020/2021) olub.
Almaniya Futbol İttifaqı Nagelsmanın qarşısına ümdə vəzifə – “bundestim”i düçar olduğu böhrandan çıxarmaq, alman futbol ənənələrinə sadiq döyüşkən komandaya çevirərək, 2024-cü il iyununda Almaniyada keçiriləcək Avropa çempionatına hazırlamaq tapşırığı qoyulub.


