Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun mərkəz yarımmüdafiəçisi Yulian Vayql Bundesliqa təmsilçisini tərk edib.
Arena.az xəbər verir ki, almaniyalı futbolçu bundan sonra Səudiyyə Ərəbistanında çıxış edəcək.
O, bu ölkənin “Əl-Qadisiya” klubuna keçib. Sözügedən klub bu transfer üçün “Borussiya”ya 8 milyon avro ödəyib. 29 yaşlı futbolçu yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
Yulian Vayql peşəkar karyerasına “1860 Münhen” klubunda başlayıb. O, “Borussiya” (Dortmund) və “Benfika”da da çıxış edib. Mönhenqladbax “Borussiya”sı isə yarımmüdafiəçini 2022-ci ildən heyətinə qatıb. Alman futbolçu bu komandanın heyətində 94 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Vayql Almaniyanını U-19, U-20 və U-21 yığmalarında oynayıb, 2016-cı ildə isə əsas millidə debüt edib. O, Almaniya millisinin heyətində meydana çıxdığı 6 oyunda məhsuldarlıq nümayiş etdirməyib.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


