Yürgen Klinsmann Cənubi Koreyada istefaya göndərildi

Futbol üzrə Cənubi Koreya milli komandasının baş məşqçisi, almaniyalı mütəxəssis Yürgen Klinsmann istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Cənubi Koreya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Alman məşqçi ilə müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb. Ona xidmətlərinə görə təşəkkür edilib.

Klinsmanın istefasına komandanın Asiya Kubokunda uğur qazana bilməməsi səbəb göstərilir. Belə ki, Cənubi Koreya yığması bu turnirin yarımfinalında İordaniyaya məğlub olaraq (0:2) mübarizəni dayandırmışdı.

Yürgen Klinsmann ötən ilin fevralında Cənubi Koreya millisinə baş məşqçi təyin edilmişdi. Həmin vaxt onunla 3,5 il müddətinə müqavilə imzalanmışdı. Anlaşmaya əsasən, Klinsmann 2026-cı ildə keçiriləcək dünya çempionatının sonunadək bu komandaya rəhbərlik edəcəkdi. Müqavilənin şərtinə görə, 58 yaşlı məşqçi bu müddət ərzində Cənubi Koreyada yaşamalı idi. O, bu postda portuqaliyalı Paulo Bentonu əvəzləmişdi.

Klinsmann Cənubi Koreya yığmasını bütövlükdə 19 oyuna çıxarıb. Koreyalılar bu görüşlərdə 9 qələbə qazanıblar, 5 heç-heçə ediblər və 5 məğlubiyyətə üzülüblər.

Xatırladaq ki, Yürgen Klinsmann daha öncə Almaniya və Amerika Birləşmiş Ştatları yığmalarına da baş məşqçilik edib. Onun çalışdırdığı komandalar arasında Almaniyanın “Bayern” və “Herta” klubları da var.

Xəbəri sosial şəbəkələrdə paylaş: