Yurgen Klopp – Almaniya millisinin yeni baş məşqçisi!

Almaniyalı mütəxəssis, “Liverpul”un sabiq çalışdırıcısı Yurgen Klopp futbol üzrə Almaniya millisinin baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının prezidenti Bernd Noyendorf keçirdiyi mətbuat konfransında məlumat verib.

Bundan əvvəl Almaniya millisinin baş məşqçisi vəzifəsini tərk edən Yulian Nagelsman komandanı dünya çempionatının (DÇ-2026) 1/16 finalına çıxarmışdı. Almanlar bu mərhələdə Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırmışdılar.

Kloppun Almaniya Futbol İttifaqı ilə imzaladığı müqavilə 2030-cu ilin iyul ayınadək nəzərdə tutulub.

59 yaşlı mütəxəssisin sonuncu iş yeri “Liverpul” olub. O, 2015–2024-cü illərdə Mersisayd təmsilçisini çalışdırıb. Kloppun rəhbərliyi altında komanda 2019-cu ildə UEFA Çempionlar Liqasının qalibi olub, 2020-ci ildə isə 30 illik fasilədən sonra İngiltərə çempionluğunu qazanıb. Bundan əlavə, “Liverpul” 2022-ci ildə İngiltərə Kubokunu, Liqa Kubokunu və İngiltərə Super Kubokunu, 2019-cu ildə UEFA Super Kubokunu və Klublararası dünya çempionatını, 2024-cü ildə isə yenidən Liqa Kubokunu qazanıb. Klopp 2019 və 2020-ci illərdə FIFA tərəfindən ilin ən yaxşı baş məşqçisi seçilib.

“Liverpul”dan ayrıldıqdan sonra o, “Red Bull” şirkətində futbol əməliyyatları üzrə rəhbər vəzifəsində çalışırdı.

Yurgen Klopp məşqçilik karyerasına 2001-ci ildə “Maynts”da başlayıb və 2003/2004-cü illər mövsümündə klubu tarixində ilk dəfə Almaniya Bundesliqasına yüksəldib. 2008–2015-ci illərdə Dortmund “Borussiya”sını çalışdıran mütəxəssis komandanı iki dəfə Almaniya çempionu (2011, 2012), bir dəfə Almaniya Kubokunun qalibi (2012) edib. “Borussiya” onun rəhbərliyi altında 2013-cü ildə UEFA Çempionlar Liqasının finalına yüksəlsə də, həlledici görüşdə “Bayern”ə 1:2 hesabı ilə uduzub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: