“Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias zədələndiyi üçün bir müddət paytaxt təmsilçisinə kömək edə bilməyəcək.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Klubdan verilən məlumata görə, Matias Azərbaycan Premyer Liqasının 22-ci turunda “Araz-Naxçıvan”la keçirilən oyundan əvvəl məşq zamanı bud əzələsində ağrı hiss edib. Bu üzdən də həkimlərin göstərişi ilə braziliyalı futbolçu bu oyunu buraxmalı olub. 29 yaşlı müdafiəçinin növbəti oyunlarda iştirakı onun hansı müddət sağalmasından asılı olacaq.
Xatırladaq ki, Yuri Matias “Neftçi”yə 2023-cü ilin yayında Rumıniyanın ÇFR (Kluj) klubundan 400 min avro qarşılığında gəlib. O, paytaxt təmsilçisinin heyətində keçirdiyi 29 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Matias daha öncə ÇFR (Kluj), “Koimbra”, “Qaz Metan”, “Traktor” kimi klublarda da forma geyinib.
Sonda onu da qeyd edək ki, “Neftçi”nin hücumçusu Andre Şinyaşiki də zədə səbəbindən bir neçə oyunu buraxacaq. Baldır əzələlərində gərilmə olan braziliyalı futbolçu gələn həftədən etibarən məşqlərə qoşula biləcək. “Sumqayıt”la cavab matçından əvvəl baş tutan məşq prosesində sıradan çıxan Eddi İsrafilov isə tezliklə komandaya qoşulacaq. Uzun müddətdir zədəli olan qapıçı İvan Brkiç də fərdi məşqlər edir. Digər qapıçı Emil Balayev də mövsümün əvvəlindən komandaya kömək edə bilmir.
“Neftçi” fevralın 18-də Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə”ni qəbul edəcək. “Neftçi Arena”da keçiriləcək bu oyuna saat 18:00-da start veriləcək.


