“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqasının 2-ci raundunda “Dinamo”ya (Minsk) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Belarus təmsilçiləri arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.
Oyundan əvvəl “Neftçi”nin baş məşqçisi Yuri Vernidub və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Əvvəlcə kapitan sualları cavablandırıb:
“Yaxşı hazırlaşmışıq. Yaxşı oyun göstərib qalib gəlməliyik. “Neftçi”nin 90 illiyinə görə çox böyük motivasiyamız var. Bizim üçün çox vacib mövsümdür. Minsk “Dinamo”suna hörmətlə yanaşırıq. Gənc heyətə malik olan yaxşı komandadır. Azarkeşlərimiz möhtəşəm atmosfer yaratmışdılar. Bizə böyük dəstək verdilər. Mövsüm boyu həmişə yanımızda oldular. Buna görə də onlara çox təşəkkür edirəm. Əlimizdən gələni etməliyik ki, azarkeşlərimiz daha çox sevinsinlər. Heyətimizin 70 faizi dəyişilməyib deyə, daha da stabil oynayacağıq. Bir az da güclənib daha da yaxşı olacağıq”.
Yuri Vernidubun fikirləri isə belə olub:
“90-cı ildönümündə “Neftçi”nin Azərbaycan çempionu olmasını arzulayıram. Çünki buna layiqdir və Azərbaycanın tarixində xüsusi rolu olan klubdur. Bundan əlavə, Konfrans Liqasında əsas mərhələyə vəsiqə qazanmağı da arzulayırıq. Məşqçi kimi heç vaxt bu turnirdə çalışmamışam. Bu mənim üçün çox yaxşı təcrübə olardı. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək. Rəqibimiz öz ölkəsinin çempionudur. Həm də hazırda Belarus çempionatının, necə deyərlər, qızğın vaxtıdır. Bu onlar üçün üstünlükdür. Əvvəlcə “Dinamo”nu keçməyə çalışmalıyıq ki, sonra digər rəqiblər haqda düşünməyə başlayaq”.
O, daha əvvəl Moldova təmsilçisi “Şerif”lə Portuqaliyanın “Braqa” komandasına qalib gəlməsi haqqında da danışıb:
“Təzyiq hiss etmirəm. İş olaraq kifayət qədər təcrübəm var. Azarkeşlərin gözləntiləri böyükdürsə, təzyiq normaldır. Biz də buna hazır olmalıyıq. Elə oyun göstərməliyik ki, fanatlar məmnun qalsınlar. Hər şey yaxşı olanda hamı səni sevir. Yaxşı olmayanda isə sənə nifrət edirlər. Düşünürəm ki, bu hər kəsin həyatında belədir. Sadəcə, hazır olmaq və irəli getmək lazımdır”.


