Yussef Şermiti “Everton”da, Yerri Mina “Fiorentina”da

Portuqaliyanın U-19 yığmasının və Lissabon “Sportinq”inin hücumçusu Yussef Şermiti İngiltərənin “Everton” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə 4 illik (2027-ci ilin yayına kimi) müqavilə imzalanıb. “Everton” bu transfer üçün 12,5 milyon avrosundan keçib.

Yussef Şermiti “Sportinq”in öz yetirməsidir. Gənc hücumçu Lissabon təmsilçisinin əsas komandasında 22 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Everton” müdafiəçisi Ris Uelç və yarımmüdafiəçisi Lyuis Uorrinqtonu da icarəyə verib. Uelç qarşıdakı mövsümün sonuna kimi “Forest Qrin”də, Uorrinqton isə “Plimut”da icarədə olacaq.

Qeyd edək ki, hər iki futbolçu “Everton”un öz yetirməsidir. 19 yaşlı Uelç Premyer Liqa təmsilçisinin əsas komandasında 2 oyun keçirib. 20 yaşlı Uorrinqton isə əsas komandada cəmi 1 matça çıxıb. Lyuisdən fərqli, Ris həm həm də İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Yeri gəlmişkən, bu yay “Everton”dan azad agent kimi ayrılmış Yerri Mina da özünə yeni klub tapıb. O, bundan sonra İtaliyanın “Fiorentina” klubunun uğurları üçün çalışacaq. Kolumbiyalı mərkəz müdafiəçisi yeni klubu ilə sonradan müddəti artırılmaq şərti ilə 1 illik müqavilə bağlayıb.

“Everton” Yerri Minanı 2018-ci ildə “Barselona”dan 30 milyon avro qarşılığında heyətinə qatmışdı. 28 yaşlı futbolçu İngiltərə klubunun heyətində 99 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “İndependiente Santa Fe”, “Palmeyras”, “Deportivao Pasto” və “Barselona” kimi klubların uğurları üçün çalışıb, Kolumbiya yığmasında 40 oyuna 7 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: