“Yuventus” Duşan Vlahoviçi satmadı, Domeniko Berardini alır

İtaliya nəhəngi “Yuventus” Serbiyadan olan hücumçusu Duşan Vlahoviçi “Çelsi”yə 60 milyon avroya satmaq istəməyib.

Arena.az bu barədə “Get Football News”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “zadəganlar” hücumçu üçün 60 milyon avro təklif ediblər, amma bu məbləğ “Qoca sinyora”nı qane etməyib. Turinlilər 23 yaşlı futbolçunu 70 milyon avro məbləğində qiymətləndirirlər.

Duşan Vlahoviç 2022-ci ilin yanvarından Turin klubunda çıxış edir. 2022/2023 mövsümündə Vlahoviç bu komandanın heyətində 42 oyuna çıxıb, 14 qol vurub, 4 məhsuldar ötürmə edib.

Vlahoviçin turinlilərlə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Duşan Vlahoviçi 70 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Yuventus” “Sassuolo”nun və İtaliya milli komandasının cinah oyunçusu Domeniko Berardini heyətinə qatmaq istəyir.

“Football Italia”nın yaydığı məlumata görə, “Qoca sinyora” 28 yaşlı hücumameyilli yarımmüdafiəçinin istedadını yüksək qiymətləndirir və Berardini bir müddət əvvəl klubdan azad agent qismində ayrılmış argentinalı Anxel Di Mariyanın ideal əvəzləyicisi kimi görür.

Berardinin “Sassuolo” tərəfindən ən azı 30 milyon avro məbləğində qiymətləndirildiyi bildirilir. Müvafiq qiymət artıq bir potensial alıcını – “Latsio”nu fikrindən daşınmağa məcbur edib.

2022/2023 mövsümündə Berardi “Sassuolo”nun heyətində 27 oyun keçirib, 13 qol vurub, 7 məhsuldar ötürmə verib.

Domeniko Berardinin “Sassuolo” ilə cari müqaviləsi 2027-ci ilin iyunun sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Domeniko Berardini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: