İtaliya mətbuatında “Yuventus”un Massimiliano Alleqrini mütəxəssisin əməkhaqqını ödəməmək üçün qovduğu haqda iddia yayılıb.
Arena.az məlumat verir ki, müvafiq fikir “Football Italia” dərgisindən qaynaqlanır.
Mənbəyə görə, “Yuventus” komandanın artıq sabiq baş məşqçisi Massimiliano Alleqrini İtaliya Kubokunun finalında ədəb-ərkandan uzaq davranışını əsas gətirərək istefaya göndərsə də, bu addım klubun italyan mütəxəssiaə 9 milyon avro məbləğində qalan əmək haqqını ödəməmək məqsədilə atılıb.
Belə ki, Alleqrinin məhz bu qeyri-münasib davranışı səbəbilə işdən qovulması qanuni olaraq “Yuventus”a gələn il ərzində ona maaş ödəməməyə imkan verir. Xatırladaq ki, italiyan mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, İtaliya Kubokunun “Yuventus”la “Atalanta” arasında keçirilmiş final oyununun (1:0) 90+3-cü dəqiqəsində Alleqri görüşün baş hakimi Fabio Mareskanın, “Yuventus”un braziliyalı mərkəz müdafiəçisi Bremerə qarşı edilmiş qayda pozuntusunu dərhal qeydə almamasından son dərəcə narazı qalıb. Bundan sonra italyan mütəxəssis cin atına minib. O, pencəyini cırıb, yaxasını yırtıb, ehtiyat hakimin yanına qaçaraq onun üzünə qışqırmağa, səsini başına ataraq səs-küy qoparmağa başlayıb. Hakim bu şüvənliyinə görə Alleqriyə birbaşa qırmızı vərəqə göstərib.
Alleqri tribunalaraltı məkana yollandıqdan sonra da sakit qalmayıb. O, burada “Tuttosport” qəzetinin direktoru, jurnalist Qvido Vaçaqoya təpinib. Təcrübəli məşqçi mətbuat işçisini söyüb-batırıb, təhdid edərək, onun qulaqlarını qoparmaqla hədələyib. İtalyan mütəxəssis nəşri dələduzluqda ittiham edərək, baş vermiş hadisəni olduğu kimi – həqiqi işıqlandırmaqla yazması tələbində olub.
“Yuventus” məhz bu biabırçılıqları əsas gətirərək, italyan mütəxəssislə yollarını ayırdığını açıqlamışdı.


