“Yuventus” Poqba ilə müqaviləsinə xitam verə bilər

İtaliyanın “Yuventus” klubu fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba ilə müqaviləsinə xitam verməyi nəzərdən keçirəcək.

Arena.az bu barədə jurnalist Nikolo Skiraya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Turin klubu Poqbanın yoxlama məqsədli təkrar dopinq-test nəticələrinin müsbət çıxacağı halda, fransalı yarımmüdafiəçi ilə müqaviləsinə birtərəfli qaydada xitam vermək haqda tədbir görəcək.

Hazırda “qoca sinyora” Poqbanın məvacibini kəsib. Fransalı yarımmüdafiəçi dopinq-testin nəticələri məlum olana qədər maaş almayacaq.

Xatırladaq ki, İtaliya çempionatının 2023/2024 mövsümünün 1-ci turundan sonra Poqbanın verdiyi dopinq-test müsbət nəticə verib. Futbolçunun qanında testosteron səviyyəsinin hədindən artıq yüksək olduğu müəyyən edilib. Bu, terapevtik maddə istisnasız qəbul edilməməlidir. Müvəqqəti diskvalifikasiyanın araşdırmalarqabağı bir tədbir olduğu vurğulanır. Ümumiyyətlə isə Poqba dörd illik diskvalifikasiya ilə cəzalana bilər. Futbolçunun özü və “Yuventus” hələlik bu barədə rəsmi açıqlama verməyib.

Poqba açılış turunda “Yuventus”un səfərdə “Udineze”yə qarşı keçirdiyi oyunda (3:0) meydana çıxmayıb, futbolçu oyun boyu ehtiyat oyunçular skamyasını “qızdırıb”.

“Yuventus” 3 turdan sonra 7 xalla A Seriyasının turnir cədvəlində 3-cü yerdə qərarlaşıb və hərəyə 9 xal toplamış “İnter” və “Milan”ı təqib edir.

Fransız yarımmüdafiəçi “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib.

Poqba geridə qalmış mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pol Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub, 9 məhsuldar ötürmə verib və “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Pol Poqbanı 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: