“Yuventus” Tyaqo Mottanı qovmaq üçün bu yola əl atıb

Məlum olduğu kimi, “Yuventus” braziliyaəsilli italiyalı mütəxəssis Tyaqo Mottanı “byankoneri”nin sükanı arxasından qovub.

Arena.az “Mundo Deportivo” nəşrinin “La Gazzetta dello Sport” nəşrinə istinadı əsasında məlumat verir ki, ötən həftə Mottanın mümkün istefası haqda şayiələrin geniş vüsət aldığı bir məqamda klubda pərdəarxası hoqqalar çıxıb.

Mənbənin məlumatına görə, “qoca sinyora”nın idman direktoru Kristiano Cuntoli Tyaqo Motta ilə münaqişəyə girərək, az qala əlbəyaxaya girişməyə cəhd edib. Belə ki, Cuntoli və Motta ötən həftə Turin təmsilçisinin baş direktoru Muritsio Skanavio ilə birgə görüş keçiriblər.

Vurğulanır ki, görüş yüksək səslə narazılıq ifadələri ilə dolu xoşagəlməz mənzərədə keçib. Cuntoli Mottaya üz tutaraq əl-qolunu ölçə-ölçə: “Səni seçdiyim üçün utanıb xəcalət çəkirəm”, deyə səslənib. Motta isə öz növbəsində təmkinini qoruyub.

Bildirilir ki, bu “qurama səhnə” olub. Belə ki, bu hoqqa ilə “Yuventus” rəhbərliyi özü Mottanı istefaya təhrik etməyə çalışıb ki, mütəxəssisin istefaya göndəriləcəyi şərtdən fərqli olaraq, təzminat qismində Mottaya pul vəsaiti ödəməkdən canını qurtarsın.

İtaliya mətbuatında “qoca sinyora” rəhbərliyinin müvafiq davranışı ikrahla qarşılanıb.

Xatırladaq ki, Turin klubu “byankoneri”nin sükanı arxasına xorvat mütəxəsss İqor Tudoru təyin edib. Tudor cari mövsümün – iyun ayının sonuna qədər “Yuventus”u çalışdıraraq, növbəti mövsüm üçün Çempionlar Liqasına çıxarmaq tapşırığı alıb.

Xatırladaq ki, Tyaqo Motta “Yuventus”u 2024-cü ilin iyul ayından çalışdırırdı. 42 yaşlı braziliyaəsilli italiyalı mütəxəssisin Turin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Bu müddətdə Tyaqo Motta “byankoneri”ni 42 oyuna çıxarıb, 18 qələbə, 16 heç-heçə və 8 məğlubiyyət yaşayıb. “Qoca sinyora”nın top fərqi isə 65:46 nisbətindədir.

Motta “Yuventus”a qədər “Cenoa”, “Spetsiya” və “Bolonoya”nı da çalışdırıb.

Mottadan “miras” qalmış “Yuventus” İtaliya A Seriyasının cari mövsümündə 29 oyuna topladığı 52 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: