Futbol üzrə Braziliya millisinin və İtaliya nəhəngi “Yuventus”un mərkəz müdafiəçisi Qleyson Bremer əməliyyat olunub.
Arena.az bu barədə Turin klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Onun əməliyyatı İtaliyada baş tutub. Futbolçunun bərpa müddəti barədə məlumat verilməyib.
Xatırladaq ki, “Yuventus” braziliyalı müdafiəçisinin sol dizindən menisk zədəsi aldığını bəyan edib. Bu, müdafiəçinin ilk ağır diz zədəsi deyil. 2024-cü ilin oktyabrında da Bremer dizindəki çarpaz bağlardan zədə almışdı və yalnız 2025-ci ilin iyununda yaşıl meydanlara qayıda bilmişdi. İndi də onun xeyli müddət məcburi istirahət etməsi gözlənilir.
Bremer Braziliyanın “Deportivo”, “San Paulo”, “Atletiko Mineyro” klublarının futbol məktəblərindən keçərək böyük futbola gəlib. 2018-ci ilin yayında, iyunda Bremer “Atletiko Mineyro”nun əsas heyətinə düşə bilib və cəmi bircə ay sonra, iyulda “Torino”nun skautlarının diqqətini çəkərək, Turin klubuna transfer edilib. “Torino” bu transferə 5,8 milyon avro məbləğində xərc çəkib. 2022-ci ilin iyulunda Bremer Turin nəhəngi “Yuventus”un maraq dairəsinə düşüb və “qoca sinyora” 47 milyon avro müqabilində Bremeri “Torino”dan transfer edib.
Bremer cari mövsümdə “Yuventus”un heyətində bütün yarışlarda 5 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub. Qleysonun “byankoneri”nin heyətində ümumi oyun mənzərəsi belədir: 96 oyun, 8 qol, 4 məhsuldar ötürmə.
Qleyson Bremer 2022-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Bremerin karyerası ərzində böyük futbolda yeganə qəniməti “Yuventus”la 2023/2024 mövsümündə qazandı İtaliya Kubokudur.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


