“Yuventus”dan cəzalı Nikolo Facoli ilə yeni müqavilə – Rəsmi

İtaliyanın “Yuventus” klubu 7 ay müddətinə futboldan kənarlaşdırılmış yarımmüdafiəçisi Nikolo Facoli ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən məlumat verir.

22 yaşlı futbolçu ilə 2028-ci ilin iyun ayının 30-na qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb. Onun əvvəlki sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər idi.

Xatırladaq ki, Nikolo Facoli “Pyaçentsa”, “Kremoneze” və “Yuventus” klublarında yetişib. Nikolo 2021-ci ilin yanvarından turinlilərin əsas komandasında çıxış edir. 2021/2022 mövsümünü Facoli “Kremoneze”də icarədə keçirərək, yenidən “qoca sinyora”nın düşərgəsinə qayıdıb.

Cari mövsümdə Facoli “byankoneri”nin heyətində 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Nikolo Turin təmsilçisinin heyətində ümumilikə 45 oyun keçirib, 3 qola və 6 məhsuldar ötürməyə imza atıb.

Facoli 2022-ci ilin noyabrında İtaliya yığmasının heyətində debüt edib, meydanda 50 dəqiqə keçirib.

İtalyan futbolçu ötən ay qanunsuz mərc oyunlarında iştirakı təsdiqləndikdən sonra 7 ay müddətinə diskvalifikasiyaya məruz qalıb. O, qanunsuz qumar oynadığına görə ciddi cəzadan yayınmaq üçün məhkəməyə müraciət edib. Bundan əlavə, Facolinin agenti futbolçunun qumar asılılığından əziyyət çəkdiyini və tezliklə lazımi müalicədən keçəcəyini bildirib. Həmçinin o, bu məsələdə istintaqla əməkdaşlıq edib. Bu üzdən də oyunçunun cəzası yüngül olub. Əks halda o, daha ağır cəzalarla üzləşə bilərdi. “Yuventus”un yarımmüdafiəçi ilə yeni müqavilə bağlamasının gənc futbolçusuna dəstək xarakteri daşıdığı da vurğulanır.

“Transfermarkt” internet-portalı 22 yaşlı Nikolo Facolinin 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: