Zabarnı 22 milyon avroya Premyer Liqa klubunda!

Futbol üzrə Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun müdafiəçisi İlya Zabarnı paytaxt klubundan ayrılıb. Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu İngiltərənin “Bornmut” klubuna transfer olunub.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. İngilislər bu transfer üçün “Dinamo”ya 22.7 milyon avro ödəyiblər. Gənc futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

İlya Zabarnı “Dinamo”nun öz yetirməsidir. O, 2019-cu ildən oynadığı əsas komandada 84 matça çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc müdafiəçi 2020-ci ildən oynadığı Ukrayna yığmasında da 24 oyun keçirib.

“Bornmut” İtaliyanın “Sassuolo” klubundan Hamed Junior Traoreni də icarəyə götürüb. Fil Dişi Sahilindən olan 22 yaşlı yarımmüdafiəçi bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. “Sassuolo”nun 2021-ci ilin yayında “Empoli”dən 16 milyon avroya transfer etdiyi futbolçu bu komandada 111 oyuna 18 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. “Bornmut” yayda Hamedin transfer hüquqlarını almaq üçün “Sassuolo”ya 22 milyon avro ödəməlidir. Yarımmüdafiəçi ölkəsinin milli komandasında da 4 oyuna çıxıb.

“Bornmut” üç futbolçusunu da icarəyə göndərib. Belə ki, Siriki Dembele (26 yaş, yarımmüdafiəçi) “Oser”ə, Qevin Kilkenni (23 yaş, yarımmüdafiəçi) “Çarlton Atletik”ə, Ben Pirson (28 yaşı, yarımmüdafiəçi) isə “Stok Siti”yə icarəyə verilib. Onların ən azı bu mövsümün sonunadək icarədə oynayacağı açıqlanıb.

“Sassuolo” və “Oser”də yeni futbolçular

Hamed Traoreni “Bornmut”a göndərən “Sassuolo” da sol cinah müdafiəçisi Georgios Kiriakopulosu “Bolonya”ya icarəyə verib. Yunanıstandan olan 26 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Asteras”, “Erqotelis”, “Lamia” klublarında da oynamış futbolçu, Yunanıstan yığmasında 7 oyun keçirib. O, “Sassuolo”da 94 oyuna 2 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

“Sassuolo” heyətinə iki yeni futbolçu da cəlb edib. Nadir Zortea “Atalanta”dan, Nedim Bayrami isə “Empoli”dən icarəyə götürülüb.

“Oser” də Siriki Dembeledən başqa “Bristol Siti”dən Han-Noa Massenqonu transfer edib. Fransadan olan 21 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarəyə götürülüb. “Monako”nun yetirməsi Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb. “Oser”in dayaq yarımmüdafiəçisi Aleksandr Keff isə İtaliyanın “Breşiya” klubuna keçib. Daha öncə “Lans”, “Udineze”, “Qranada”, “Malyorka”, “Muskron”, “Ayaçço”, “Brest” və AEL-də də oynamış 30 yaşlı fransız futbolçu, yeni klubu ilə 6 aylıq anlaşıb. Yayda müqavilənin müddətinin daha 1 illiyə uzadılması da nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: