Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 2025/2026-cı illər mövsümünün 6-cı turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.
“Eqnatiya” səfərdə baş tutmuş bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Əliyev bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Eqnatiya” 6 turdan sonra 13 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatında 2-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 6 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Yarış cədvəlinə eyni (13) xala malik olan “Vlajniya” rəhbərlik edir.
Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 49 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.
Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.


