Azərbaycanlı futbolçular – Zamiq Əliyev və Murad Məmmədov avrokubokların pley-off mərhələsinin ilk oyunlarında forma şansı qazanmayıblar.
Arena.az xəbər verir ki, Zamiqin formasını geyindiyi “Eqnatiya” Avropa Liqasının pley-off mərhələsində Norveçin “Lilleström” komandasını qəbul edib.
Albaniya çempionu bu rəqibi ilə ev oyunundan heç-heçə ilə ayrılıb. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0. Zamiq Əliyev qarşılaşmanı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.
Murad Məmmədovun bu yay müqavilə bağladığı Kipr “Pafos”u isə Avropa Konfrans Liqasının pley-off mərhələsində Albaniyanın “Dinamo Siti” kollektivi ilə qarşılaşıb. Murad 1:1 hesabıyla başa çatmış bu səfər matçında iştirak etməyib. Onun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.
Qeyd edək ki, “Eqnatiya” Norveç təmsilçisi ilə gələn həftə səfərdə üz-üzə gələcək. “Pafos” isə Albaniya təmsilçisini doğma meydanda qəbul edəcək.


