Azərbaycan cüdoçuları Zelim Tçkayevlə Ömər Rəcəbov Bakıda təşkil edilmiş dünya çempionatında gümüş və bürünc medal qazanıblar.
Arena.az xəbər verir ki, DÇ-nin dördüncü günündə Azərbaycan millisinin dörd üzvü tatamiyə çıxıb.
81 kq-da yarışan Zelim Tçkqayev ilk görüşündə moldovalı Viktor Sterpaya qalib gələrək 1/8 finala yüksəlib. Bu mərhələdə BƏƏ təmsilçisi Nuzqari Tatalşvili üzərində qələbə qazanan cüdoçumuz daha sonra belçikalı Mattias Kasseni də məğlub edib. Tçkayev yarımfinalda Qazaxıstan təmsilçisi Abilayxan Jubanazara qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə gürcüstanlı Tato Qriqalaşviliyə uduzan cüdoçumuz dünya çempionatının gümüş medalına sahib olub.
Bu çəki dərəcəsindəki digər cüdoçumuz Ömər Rəcəbli isə ilk görüşündə IJF təmsilçisi Sebqatulla Ərəbə qalib gəlib. O, 1/8 finalda Özbəkistan cüdoçusu Muradcan Yuldoşevi məğlub edib. Rəcəbli 1/4 finalda serbiyalı Mixaylo Siminə uduzsa da, təsəlliverici mərhələdə sloveniyalı Naçe Herkoviçə qalib gəlib. Bürünc medal uğrunda görüşdə isə Rəcəbli Abilayxan Jubanazara qalib gələrək dünya çempionatının üçüncüsü olub.
81-da yarışan daha bir təmsilçimiz – Vüsal Qələndərzadə ilk görüşündə bolqarıstanlı Hristo Valkovu, daha sonra 1/16 finalda estoniyalı Saad Dikayevi məğlub edib. Cüdoçumuz 1/8 finalda Abilayxan Jubanazara uduzaraq mübarizəni dayandırıb.
63 kq-da mübarizə aparan Hanna Zaytseva isə ilk görüşündə macarıstanlı Anna Krizaya məğlub olaraq 1/16 final mərhələsində mübarizəni dayandırıb.
Beləliklə, Azərbaycan millisinin aktivində hazırda 4 medal var: Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.
Dünya çempionatının görüşləri Azərbaycan Gimnastika Arenasında keçirilir. Mundiala oktyabrın 11-də yekun vurulacaq.


