Zibe Van Der Heyden “Malyorka”da – Rəsmi

Futbol üzrə Belçika yığmasının və bu ölkənin “Yunion” klubunun mərkəz müdafiəçisi Zibe Van Der Heyden “Malyorka”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Malyorka” bu transfer üçün 2,7 milyon avro ödəyib.

“Brügge”nin yetirməsi olan Zibe Van Der Heyden, “Anderlext”, “Ostende”, və “Eyndhoven”də də oynayıb. O, “Yunion”a 2019-cu ilin iyulunda 100 min avro qarşılığında keçmişdi. Müdafiəçi Belçika klubunda 117 oyun keçirib, 3 qol və 3 assistlə yadda qalıb. O, Belçika yığmasında da 1 oyun keçirib.

“Malyorka”nın yarımmüdafiəçisi Jordi Mboula isə İtaliyanın “Verona” klubuna keçib. 24 yaşlı sağ cinah vingeri A Seriyası təmsilçisinə azad agent kimi qoşulub və 4 illik müqaviləyə imza atıb. O, 2020-ci ilin sentyabrından La Liqa təmsilçisində olsa da, bu komandada 43 oyuna 2 qol və 4 assistlə yadda qalıb. Son iki ildə o, “Eştoril” və “Rasinq”də icarədə olub. “Barselona”nın yetirməsi olan Mboula “Monako”, “Brügge” və “Hueska”da da forma geyinib, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.

Mboulanı heyətinə qatan “Verona” öz yarımmüdafiəçisi Adrian Tamezi də “Torino”ya satıb. Turin klubu bu keçidə görə 2,8 milyon avro ödəyib. 29 yaşlı fransız futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, 2020-ci ildən formasını geyindiyi “Verona”da 114 oyuna çıxıb, 5 qol və 2 assist müəllifi olub. Tamez “Nitsa”, “Valensyen”, “Atalanta” və “Nansi”də də forma geyinib, Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.

“Torino” öz yarımmüdafiəçisi Ben Lassin Koneni isə “Komo”ya icarəyə verib. 23 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. O, daha öncə “Kozentsa” və “Krotone”də də icarədə olub. Yarımmüdafiəçi Turin klubunun əsas komandasında cəmi 2 matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: