Futbol üzrə Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Kristiano Ronaldonun futbolçu kimi karyerasını yüksək qiymətləndirib.
Arena.az xəbər verir ki, dünya və Avropa çempionu bu barədə “RMC Sport”a açıqlamasında danışıb:
“Onun möhtəşəm karyerasını qeyd etmək lazımdır. Onunla işləmək mənə nəsib olub və o, çoxlu titullar qazanmağımda mənə kömək edib. Kristianonun qarşısında şlyapamı çıxarıram”, – deyə Zidan bildirib.
Qeyd edək ki, Ronaldo oktyabrın 1-də Danimarka ilə keçirilən Millətlər Liqasının qrup mərhələsinin 3-cü tur oyunundan (2:4) əvvəl Portuqaliya millisinin düşərgəsini tərk edib. 41 yaşlı hücumçu bu qərarın səbəbini gələcəkdə açıqlayacağını bildirib. O, turnirin ikinci turunda Norveçə qarşı keçirilən görüşdə (2:1) də meydana çıxmayıb.
Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub, Avropa çempionu və ikiqat Millətlər Liqası qalibi adını qazanıb. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində qol rekordlarına sahibdir.
Portuqaliyalı hücumçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un da formasını geyinib.
Ronaldonun karyerasında 979 qol var. Bunlardan 146-sı milli komandada, 833-ü isə klub səviyyəsində vurulub.
Ronaldo Zidanın rəhbərliyi altında “Real”la üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub – 2016, 2017 və 2018-ci illərdə.


