“Arsenal”ın sol cinah müdafiəçisi Aleksandr Zinçenko Ukrayna millisində çıxış etməyin onun üçün nə demək olduğunu şərh edib.
Arena.az xəbər verir ki, bu barədə o, “Rio Ferdinand presents FIVE” “YouTube” kanalına müsahibəsində danışıb:
“Bu qürur anıdır, xüsusən də indi. Milli himnimiz səslənəndə göz yaşlarımı saxlamaq mənim üçün elə çətindir ki…
Bilirəm ki, çoxları sosial şəbəkələrdə mənim göz yaşlarımdan danışır. Bu qədər həssas olduğum üçün məni bağışlayın, amma kimsəyə mənim ölkəmdə bütün bu baş verənləri hiss edib və öz gözləri ilə görməsini arzulamıram. Belə anlarda hiss etdiklərimi sözlə təsvir etmək çox çətindir”, deyə müdafiəçi duyğusalcasına bildirib.
Cari mövsümdə Zinçenko “Arsenal”ın heyətində 2 oyuna çıxıb və hələ ki məhsuldar fəaliyyəti ilə fərqlənməyib. O, London klubuna 2022-ci ilin iyulunda “Mançester Siti”dən keçib. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Zinçenko 2015-ci ilin oktyabr ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 53 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı Aleksandr Zinçenkonu 42 milyon avro məbləğində qimətləndirir.


