Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edən “Zirə” yeni mövsümə uğurlu start sayəsində UEFA reytinqində əmsalını artırıb.
Arena.az xəbər verir ki, bu, komandanın Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi “Torpedo”nu (Kutaisi) məğlub etməsi (3:0) sayəsində mümkün olub.
Bu qalibiyyət Azərbaycana 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasını Bakıda 2:0 hesabı ilə məğlub etmiş “Sabah” da eyni töhfəni vermişdi.
Hazırda hesabında 19,062 əmsal olan Azərbaycan 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.
Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.
“Sabah” TNS-ə, “Zirə” isə “Torpedo”ya qarşı cavab oyununu bir həftə sonra səfərdə keçirəcək. Avrokuboklardakı digər təmsilçilərimizdən “Qarabağ” da bu gün ilk oyununa çıxacaq. Ağdam təmsilçisi İslandiyanın “Vestri” komandasını qəbul edəcək.


