Futbol üzrə Azərbaycan Premyer Liqasında ötən mövsümü 5-ci pillədə başa vuran “Zirə” yeni mövsümün hazırlığına başlayıb.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv iyunun 23-də axşam saatlarında Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında ilk məşqə çıxıb.
Xatırladaq ki, komanda iyulun 17-nə qədər məşqlərini Bakıda keçirəcək. “Qartallar” hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu da keçirəcək.
“Zirə” iyulun 18-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Qəsəbə təmsilçisi Bolu şəhərində “Vonresort” otelində məskunlaşacaq. Komanda bu müddətdə üç yoxlama oyunu keçirəcək. Rəqiblər hələ dəqiqləşməyib.
Xatırladaq ki, zirəlilər bu yay fasiləsində hələlik Məqsəd İsayevlə (“Qəbələ”) İsmayıl İbrahimlini (“Qarabağ”, icarə) transfer edib, Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə ilə yeni müqavilə bağlayıblar. Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui və Donald Gerye isə komandadan ayrılıb.


