Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Macarıstanın “Seged-Çanad” kollektivi ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 13:00-da başlayan bu oyunda qapılara dörd qol vurulub. Hesabı 13-cü dəqiqədə macarlar açıblar. Simon Adam komandasını hesabda önə keçirib. 34-cü dəqiqədə Toni Qomes zirəlilərin bərabərlik qolunu vursa da, Azərbaycan təmsilçisi cəmi 3 dəqiqə sonra yenidən məğlub duruma düşüb. Norbert Kundrat 37-ci dəqiqədə penaltidən dəqiq yararlanıb. 59-cu dəqiqədə isə Haruna Jammeh matçda son nöqtəni qoyub. Beləliklə, “Zirə” bu oyunun sonunda 1:3 hesablı məğlubiyyətə üzülüb.
Rəşad Sadıqov macarlarla oyunda bu futbolçuların xidmətindən yararlanıb: 41. Anar Nəzirov (22. Nail Alışov), 8. İlkin Muradov, 13. Ramin Əhmədov, 15. Ruslan Abışov (56. Samir Ağayev), 17. Toni Qomes, 18. Slavik Alxasov (38. Ramiz Muradov), 10. Cavad Qurbanlı, 23. Andriya Lukoviç, 70. İssa Cibrilla, 77. Mirsayib Abbasov (64. Mahmud Ağayev), 91. Coşqun Diniyev.
Zirəlilər bu gün daha bir yoxlama oyunu keçirəcəklər. İkinci oyundakı rəqib isə “Radniçki” (Serbiya) olacaq. Serblərlə oyun saat 16:30-da start götürəcək.
Xatırladaq ki, Rəşad Sadıqov toplanış çərçivəsindəki ilk yoxlama oyununda yetirmələrini Rumıniyanın “Kindiya” komandası ilə görüşdə sınaqdan keçirmişdi. Həmin oyun 3:2 hesablı qələbə ilə başa çatmışdı.
Təlim-məşq toplanışını bu gün başa vuracaq qəsəbə təmsilçisi sabah Bakıya dönəcək.


