“Zirə”, “Sumqayıt” və “Sabah”ın avrokubok matçının hakimləri bilindi

“Zirə”, “Sumqayıt” və “Sabah”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki ilk oyunlarının hakim təyinatları açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hər üç komandamız ilk görüşünü iyulun 25-də keçirəcək.

Həmin gün rəqibini qəbul edəcək “Zirə”nin “Dunayska Streda” (Slovakiya) ilə matçına lüksemburqlu hakimlər təyinat alıblar. “Sumqayıt”ın Macarıstan “Fehervar”ı ilə ev qarşılaşmasını albaniyalı hakimlər idarə edəcəklər. Macarıstanda meydana çıxacaq “Sabah”ın Hayfa “Makkabi”si (İsrail) ilə səfər görüşünə isə belçikalı referilər göndəriləcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin bu rəqibləri ilə cavab oyunlarına təyinatlar daha öncə açıqlanmışdı. UEFA ilk oyunların təyinatlarını isə bu gün rəsmi saytı vasitəsilə açıqlayıb.

Azərbaycan təmsilçilərinin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki cavab qarşılaşmaları avqustun 1-də keçiriləcək. Həmin gün “Sabah” doğma meydanda çıxış edəcəksə, digər iki komandamız səfərdə mübarizə aparacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
25 iyul

19:30. “Zirə” – “Dunayska Streda” (Slovakiya)
Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias Balsa, Yasmin Sabotiç (Lüksemburq).
Bakı. “Dalğa Arena”.

20:00. “Sumqayıt” – “Fehervar” (Macarıstan)
Hakimlər: Florian Lata, Culio Mani, Reydi Zaimi, Kresnik Çyapi (Albaniya).
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu.

21:15. “Makkabi” (Hayfa, İsrail) – “Sabah”
Hakimlər: Natan Verbumen, Matias Hillart, Ruben Vins, Uesli De Kremer (Belçika).
Kişvarda, “Kişvarda” stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: