İtaliyanın “Milan” klubu hücumçusu Zlatan İbrahimoviç ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın rəsmi saytı məlumat yayıb.
İsveçli hücumçu ilə sözləşmə 2023-cü ilin yayınadək uzadılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu yay başa çatmışdı. Təcrübəli futbolçu yeni mövsümdə də 11 nömrəli formanı geyinəcək.
Oktyabrın 3-də 41 yaşı tamamlanacaq forvard “Milan”da ilk dəfə 2010-2012-ci illər aralığında forma geyinib. O, bu komandaya 2020-ci ilin yanvarında qayıdıb.
Zlatan İbrahimoviç klubun heyətində ümumilikdə 159 oyuna 92 qol və 35 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli hücumçu Milan təmsilçisinin heyətində iki dəfə İtaliya çempionu olub, həmçinin İtaliya Super Kubokunun qalibi adını qazanıb. O, geridə qalan mövsümdə üzləşdiyi zədələrə baxmayaraq, 27 oyuna çıxıb, 8 qol və 3 məhsuldar ötürmə müəllifi olub, yekunda çempionluq sevinci yaşayıb. Bu, onun bütövlükdə 5-ci İtaliya çempionluğudur.
Yeri gəlmişkən, “Milan” müdafiəçisi Mattia Kaldaranı da “Spetsiya” klubuna icarəyə verib. Klubun yaydığı məlumata görə, 28 yaşlı futbolçu satınalma şərti ilə icarəyə göndərilib. Kaldara 2018-ci ildə “Yuventus”dan transfer olunsa da, “Milan”ın əsas komandasında heç vaxt oynamayıb. Mərkəz müdafiəçisi “Spetsiya”dan öncə “Atalanta” və “Venesiya”da icarədə oynayıb. “Atalanta”nın yetirməsi olan futbolçu “Yuventus”a satılandan sonra da bir mövsüm Berqamo klubunda icarədə oynamışdı. İtaliyalı futbolçu “Trapani” və “Çezena”nın da formasını geyinib. O, İtaliya yığmasında da 2 oyuna çıxıb.
“Spetsiya” Kaldara ilə yanaşı, daha iki futbolçunu heyətinə cəlb edib. A Seriyası təmsilçisi “Sampdoriya”dan yarımmüdafiəçi Albin Ekdalla “Cenoa”dan Laurens Serpeni transfer edib. Ekdalla 2, Serpe ilə 4 illik müqavilə imzalanıb.
Albin Ekdal 2018-ci ildən “Sampdoriya”da çıxış edirdi. O, daha öncə “Brommapoykarna”, “Yuventus”, “Syena”, “Bolonya”, “Kalyari” və “Hamburq”da da çıxış edib. 32 yaşlı yarımmüdafiəçi İsveç yığmasında 66 oyun keçirib.
Laurens Serpe isə “Cenoa”nın öz yetirməsidir. O, bu ilin əvvəlində “Krotone”yə icarəyə verilmişdi. 21 yaşlı mərkəz müdafiəçisi İtaliyanın aşağı yaş qrupu üzrə müxtəlif yığmalarında da forma geyinib.