Əfsanəvi Xoakin futboldan gedir – Qərarını açıqladı

İspaniya millisinin sabiq yarımmüdafiəçisi, hazırda “Betis”də çıxış edən Xoakin peşəkar futbolçu karyerasını başa vurmağa qərar verib. Arena.az xəbər verir ki, 41 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Təcrübəli futbolçu paylaşdığı videoda cari mövsümün sonunda karyerasını bitirəcəyini bəyan edib.

Tam adı Xoakin Sançes Rodriqes olan sağ cinah yarımmüdafiəçisi məhz “Betis”in yetirməsidir. O, 2006-cı ildə bu klubdan ayrılaraq “Valensiya”ya keçib. 2011-ci ilə qədər “yarasalar”ın uğurları üçün çalışan futbolçu, iki mövsüm də “Malaqa”da forma geyinib. 2013-2015-ci illər aralığında isə vinger İtaliyada legioner həyatı yaşayıb – “Fiorentina”nın formasını geyinib. 2015-ci ildə “Betis”ə qayıdan vinger, çoxsaylı rekordlar müəllifidir.

Belə ki, ispan futbolçu La Liqada 615 oyun keçirməklə ölkə çempionatında ən çox oyun keçirmiş 2 oyunçudan biridir. Rekord vaxtilə 622 oyuna çıxmış Andoni Subisarettaya məxsusdur. Amma Sançes Rodriqes bu mövsümün sonuna kimi “Betis”də hər oyunun iştirakçısına çevrilə bilsə, mütləq rekordu ələ keçirə bilər. Ona bunun üçün cəmi 8 oyun lazımdır. La Liqada 2022/2023 mövsümünün başa çatmasına isə 9 tur qalıb.

Xoakin “Betis”də bütövlükdə 480 oyun keçirib. O, bu görüşlərdə 65 qol və 45 məhsuldar ötürmə müəllifi olub. “Valensiya”da 218 oyuna 30 qol və 31 assistlə yadda qalmış futbolçu, “Malaqa”da da 70 oyuna 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Fiorentina”dakı karyerası isə 71 oyun, 7 qol və 13 məhsuldar ötürmədən ibarətdir. Yarımmüdafiəçi İspaniya milli komandasında da 51 oyun keçirib, 4 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: