Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Bayern”in seneqallı hücumçusu Sadio Maneyə illik 25 milyon avro məbləğində müqavilə təklif edib.
Arena.az bu barədə jurnalist-insayder Nikolo Skiraya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, 31 yaşlı Mane “Bayern”in növbəti mövsüm üçün planlarına daxil deyil və Münhen klubu bu barədə seneqallı hücumçuya açıqca bildirib. Böyük ehtimalla, Mane cari yay transfer pəncərəsində “Bayern”in düşərgəsini tərk edəcək. Seneqallı hücumçuya iddialı olan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Maneni heyətinə qatmaq üçün “Bayern” və hücumçunun özü ilə artıq, danışıqlara başlayıb. Ərəblər Maneyə illik 25 milyon avro məbləğində üç illik müqavilə təklif ediblər. Hazırda bu xüsusda danışıqlar ilkin mərhələdədir və tərəqqi edir.
Mane “Bayern”ə 2022-ci ilin yayında “Liverpul” keçib. Seneqallı hücumçunun Münhen klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Sadio Mane “Bayern”in heyətində 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Sadio Maneni 25 milyon avro məbləğində qiymətləndirir.
Əvvəllər bildirilirdi ki, Mane bu yay Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçə bilər. Manenin “Liverpul”dakı sabiq komanda yoldaşı, braziliyalı hücumçu Roberto Firmino da cari transfer pəncərəsində “Əl-Əhli”yə keçib.


