“Əl-Şabab”ın hücumçusu eyvandan uçdu, vəziyyəti ağırdır

Səudiyyə Ərəbistanının və “Əl-Şabab”ın cinah hücumçusu Fahad Əl-Muvallad Dubaydakı bağ evinin ikinci mərtəbəsinin eyvanından yıxılıb.

Arena.az bu barədə “Arab News” dərgisinə istinadən məlumat verir.

30 yaşlı ərəb futbolçu ağır xəsarətlər alıb və dərhal Dubaydakı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda Əl-Muvallad xəstəxananın reanimasiya şöbəsindədir. Futbolçunun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Fahad Əl-Muvallad “Əl-İttihad”ın yetirməsidir. Ərəb hücumçu Avropada, “Levante”də icarədə oynayıb, amma ispan klubunda cəmi 2 oyun keçirib, məhsuldar fəaliyyəti isə olmayıb.

Əl-Muvallad futbolçu karyerasının böyük əksəriyyətini “Əl-İttihad”da parlayıb, 244 oyuna 76 qol və 44 məhsuldar ötürmə ilə fərqlənib.

“Əl-Şabab” Əl-Muvalladi 2022-ci ilin avqsutunda azad agent qismində öz heyətinə qatıb. Cari mövsümdə o, bu komandanın heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.

Əl-Muvalladin “Əl-Şəbab”da çıxışının ümumi mənzərəsi 38 oyun, 2 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Əl-Muvalladin qənimətlər muzeyində “Əl-İttihad”la qazandığı Səudiyyə Ərəbistanı Kuboku (2012/2013, 2017/2018) və Səudiyyə Ərəbistanı Vəliəhdi Kuboku (2016/2017) var.

Fahad Əl-Muvallad 2013-cü ilin fevralında debüt etdiyi Səudiyyə Ərəbistanı yığmasının heyətində 67 oyun keçirib, 15 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı sağ cinah hücumçusunun transfer dəyərini 300 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: