Əyyub Əl-Kaabi möhtəşəm avrokubok rekordu müəyyənləşdirdi

Konfrans Liqasının “Fiorentina” ilə final oyunu “Olimpiakos”un mərakeşli mərkəz hücumçusu Əyyub Əl-Kaabi üçün əlamətdar olub.

Arena.az xatırladır ki, Pirey “Olimpiakos”u İtaliya klubu ilə oyunun əlavə vaxtında 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu oyunun 116-cı dəqiqəsində Əl-Kaabi vurub. O, hazırda cari avrokuboklar mövsümünün ən sərrast futbolçusudur. Mərakeşli hücumçunun hesabında 14 qol var və bu qollardan 11-ni Əl-Kaabi Konfrans Liqasının ələmə mərhələsində vurub.

“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, bu göstərici qrup mərhələləri əlavə edildikdən sonra avrokubok yarışlarında bir mövsüm ərzində ələmə mərhələsində vurulmuş qolların sayı üzrə mütləq rekorddur.

Əyyub Əl-Kaabi “Olimpiakos”a 2023-cü ilin avqustunda Qətərin “Əl-Sadd” klubundan azad agent qismində keçib. Mərakeşli hücumçunun Yunanıstan nəhəngi ilə müqaviləsinin müddəti haqda məlumat açıqlanmayıb. Əl-Kaabi əvvəllər “Rasinq” (Kasablanka), “Renessans Berkan”, “Haybey Çayna Forçun”, “Vidad” (Kasablanka) və “Hatayspor” klublarında çıxış edib.

Cari mövsümdə Əl-Kaabi “Olimpiakos”un heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 33 qol vurub, 3 məhsuldar ötürmə verib.

Əyyub Əl-Kaabi 2018-ci ilin yanvarında debüt etdiyi Mərakeş yığmasının heyətində 44 oyuna 22 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

Əyyub Əl-Kaabinin qənimətlər muzeyində klub futbolunda “Renessans Berkan”la qazandığı Mərakeş Kuboku (2017/2018), “Vidad”la qazandığı Mərakeş çempionluğu (2020/2021), “Olimpiakos”la qazandığı Konfrans Liqası (2023/2024) var.

Mərakeş yığması ilə Əl-Kaabi Afrika Millətlər Çempionatının (2017/2018, 2020/2021) qalibi olub.

Fərdi mükafatlara gəlincə, Əl-Kaabi 2024-cü ildə Yunanıstanda mövsümün oyunçusu seçilb və 11 qolla Konfrans Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyəri 3,50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: