Fransanın “Nitsa” klubu Braziliya millisinin sabiq futbolçusu Dante Bonfim Kosta Santosla müqavilənin müddətini uzadıb.
Arena.az bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 40 yaşlı oyunçu daha bir mövsüm Fransa çempionatında çıxış edəcək. Əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna qədər olan təcrübəli oyunçu yeni sözləşməyə əsasən 2025-ci ilin 30 iyununa kimi “Nitsa”nın uğurları üçün çalışmağa davam edəcək.
Xatırladaq ki, Dante 2016-cı ilin avqust ayından “Nitsa”da forma geyinir. Müdafiəçi geridə qalmış 2023/2024 mövsümündə 35 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu klubun heyətində bütövlükdə 282 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçu daha əvvəl “Bayern”, “Borussiya” (Mönhenqladbax), “Standard” (Lyej), “Volfsburq”, “Şarlerua” və “Lill” kimi klubların da şərəfini qoruyub. O, Braziliya milli komandasının heyətində meydana çıxdığı 13 oyunda 2 qol vurub.
“Transfermarkt” internet-portalı 40 yaşlı braziliyalı müdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.



