“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo hesab edir ki, Türkiyə mətbuatı yerli çempionatda çalışan mütəxəssislərə hədsiz təzyiq göstərir.
Arena.az ESPN şəbəkəsinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Fənərbaxça” lider “Qalatasaray”dan üç xal geri qalaraq yarış cədvəlinin ikinci pilləsində qərarlaşıb. Amma onlar – yerli mətbuat hələ də məni öldürür. Mənə azacıq hörmət nümayiş etdirin.
Covanni van Bronkhorstun (“Beşiktaş”dan qovulmuş niderlandlı mütəxəssis) başına gətirdiyinizi eynilə mənə etməyə çalışmayın. Mən elə bir məşqçi tanımıram ki, üç, dörd, beş ayda möcüzə yaradaraq hər şeyi dəyişə bilsin. Məncə, Van Bronkhorst əla iş görüb.
Klubların və oyunçuların inkişafı üçün onlara sabitlik, o cümlədən məşqçilər və fəlsəfə gərəkdir. Odur ki, mənə azacıq dincəlməyə macal verin, qoyun rahat işləyim. Amma əgər əmin-amanlıq olmayacaqsa, deməli bu da fəsad deyil, mən yenə də işimdən həzz alıram”, deyə “Mour” vurğulayb.
Xatırladaq ki, 61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klunu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.
Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 22 oyuna çıxarıb, 14 qələbə, 5 heç-heçə, 3 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 51:26 nisbətindədir.
Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 13 oyundan 32 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbxça” 35 xal toplamış lider “Qalatasaray”ı addım-addım təqib edir.
Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.


