AFFA “Sumqayıt”a texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az sizi həmin qərarların siyahısı ilə tanış edir:

Azərbaycan Premyer Liqası, 16-cı tur

“Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 700 manat cərimə edilib.

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Ağdam klubu 500 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam komandası daha 1500 manat cərimə ödəyəcək.

“Kəpəz” – “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə Gəncə klubu 800 manat cərimə edilib.

“Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt”da 4 nəfər sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. “Sumqayıt”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə sözügedən klub 500 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 16-cı tur

“Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığına görə Gəncə komandası 70 manat cərimə edilib. “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 70 manat cərimə ödəyəcək. Oyun bitdikdən sonra “Zirə”nin futbolçusu Ramin Abdullayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Zirə” buna görə 300 manat cərimə edilib.

“Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt”ın heyətində adı matçın protokolunda olmayan 44 nömrəli futbolçu Kənan Cavadlı meydançaya daxil olduğuna görə “Sumqayıt”a texniki məğlubiyyət verilib (hesab 0:3 saxlanılır). “Sumqayıt-2” buna görə 400 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: