Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədovun komandası “Radomyak” bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, bu gün Polşa Ekstraklasasında 2024/2025-ci illər mövsümünün 3-cü turundan təxirə salınmış oyunlar keçirilib.
Radom klubu səfərdə “Slask” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda “Radomyak” qələbə qazanıb – 2:1.
Rahil bu oyunun iştirakçısı olmayıb. Azərbaycan millisinin son toplanışından zədəli qayıdan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
Rahil Məmmədovun komandası 18 turdan sonra topladığı 20 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. “Radomyak” 18 oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, bu ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində indiyə qədər 10 oyuna çıxıb.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.


