“Mançester Yunayted”in 93 yaşlı azarkeşi xanım Elis, Ser Aleks Ferqyusonun inanılmaz nəcibliyindən söhbət açıb.
Arena.az məlumat verir ki, Lester şəhərində yaşayan Elis “qırmızı şeytanlar”ın ən yaşlı azarkeşi və klubun oyunlarına abunəçisidir.
“Football Tweet” dərgisinin məlumatına görə, xanım Elis “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi, əfsanəvi şotland mütəxəssis Ser Aleks Ferqyuson tərəfindən öna göstərilmiş silsilə nəcib mübasibətlər haqda danışıb. Ferqyuson qadına söz verib ki, onu “Mançester Yunayted”in oyununa – “Old Trafforda” və oradan geri götürmək üçün mikroavtobus göndərəcək. Qadının görmə qabiliyyətinin pisləşdiyini biləndə isə Ser Aleks Ferqyuson cərrahi əməliyyat üçün də pul ödəyib. Xanım Elis şorland mütəxəssisin bu nəcibliyi qarşısında mütəəssir olub.
Xatırladaq ki, Ser Aleks Ferqyuson 1986-2013-cü illərdə mankunianlıları çalışdırıb. Bu müddətdə “Mançester Yunayted” 13 dəfə İngiltərə çempionu olub. Həmçinin “qırmızı şeytanlar” 5 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 10 dəfə İngiltərə Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını qazanıblar. Ümumilikdə, Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” bütün yarışlarda 1476 oyun keçiriblər.
Ser Aleks Ferqyuson “Yunayted”i dünya futbolunun zirvəsinə qaldırmaqla yanaşı, klubda müasir futbol ölçülərini müəyyən edib. Əbəs deyil ki, Ferqyusonun “qırmızı şeytanlar”dan ayrılmasından sonra klub bir müddət iddiasını sürdürsədə, hazırda futbol səhnəsində tarixən ən pis dövrünü yaşayır.


