“İnter”in argentinalı hücumçusu Lautaro Martines cari mövsümdə məhsuldarlığının aşağı düşməsini əsaslandırıb.
Arena.az “Corriera della Sera” dərgisinə istinadən, argentinalı futbolçunun bu barədə qənaətini təqdim edir:
“Mən hücumçuyam və qollar üçün yaşayıram. Son aylarda mən, cərimə meydançasından uzaqda oynayırdım, çünki komandaya irəli getməyə kömək etməyi xoşlayıram: bu, oyunuma əlavə etdiyim bir xüsusdur və bununla özümü yaxşı hiss edirəm.
Markus (Türam, “İnter”in fransalı mərkəz hücumçusu – redaktorun qeydi) mərkəzə yaxın və meydanda daha yüksəkdə oynayır, amma biz bunu planlaşdırmamışıq. Bu, bizim, meydandakı vəziyyəti başa düşməyimizdən irəli gəlir. Keçən il o, mütəmadi surətdə daha da dərinə çəkilər və ya ya tərəfə keçərdi, amma indi daha çox qol vurmaq növbəsi onundur”, deyə Martines vurğulayıb.
Lautaro Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 21 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 303 oyun, 135 qol, 47 məhsuldar ötürmə.
Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika
Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


