Joze Mourinyo əməliyyat olunsa da, istirahət haqqında düşünmür

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo öd kisəsi cərrahi əməliyyatından sonra istirahət etməyəcəyini bildirib.

Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, bu qərarına rəğmən, portuqal mütəxəssis bütün komandanın Milad bayramı münasibətilə istirahət günlərinin olacağını açıqlayıb:

“Bizim bir neçə gün istirahətimiz olacaq, amma mənim üçün bu, xoş istirahət olmayacaq. Düzünü desəm, bu istirahətin olmamasına üstünlük verərdim, amma biz futbolçulara çoxdan söz vermişdik”, deyə “Mour” vurğulayıb.

Xatırladaq ki, daha əvvəl portuqal mütəxəssisin səhhətində yaranmış fəsadlara görə Milad bayramı günlərində cərrahi əməliyyat ediləcəyi haqda məlumat yayılb.

61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.

Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 26 oyuna çıxarıb, 16 qələbə, 6 heç-heçə, 5 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 55:31 nisbətindədir.

Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 16 oyundan 36 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbxça” 44 xal toplamış lider “Qalatasaray”dan geri qalsa da, “Mour” çempionluq iddiasını sürdürür.

Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: