Futbol üzrə Portuqaliya milli komandasının sabiq üzvü, sol cinah müdafiəçisi Mario Ruy İtaliyanın “Napoli” klubundan ayrılıb.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
33 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu üzdən qış transfer pəncərəsi zamanı Mario azad agent kimi istədiyi kluba keçə biləcək.
Xatırladaq ki, Mario Ruy 2017-ci ilin iyul ayından “Napoli”də oynayırdı. O, bu mövsüm Neapol klubunun heyətində heç bir görüşdə meydana çıxmayıb. Portuqal futbolçunun sözügedən komandadan ayrılmasının əsas səbəbi də məhz indiki baş məşqçi Antonio Kontenin Marioya etimad göstərməməsidir.
Mario Ruy “Napoli”nin heyətində bütövlükdə 227 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 26 məhsuldar ötürmə müəllifi olub.
Portuqaliyalı futbolçu Neapol klubu ilə İtaliya çempionu (2022/2023) olub, İtaliya Kubokunu (2019/2020) qazanıb.
Ruy “Napoli”dən öncə “Empoli”, “Qubbio”, “Fatima”, “Spetsiya” və “Roma” klublarının da formasını geyinib.
Mario Ruy Portuqaliyanın aşağı yaş qrupları müxtəlif yığmalarında (U-16, U-17, U-19, U-20, U-21) çıxış edib. O, 2018-ci ilin mart ayında debüt etdiyi əsas yığmanın heyətində 12 oyuna çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. Ruy Portuqaliya millisi ilə 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.


