“Çelsi”nin bu mövsümün əvvəlində “Boka Xuniors”dan transfer etdiyi mərkəz müdafiəçisi Aaron Anselmino London klubunun düşərgəsinə qoşulub.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Zadəganlar” bu transfer üçün Argentina klubuna 16,5 milyon avro ödəyiblər. 19 yaşlı futbolçu London təmsilçisi ilə 7 illik (2031-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Xatırladaq ki, İngiltərə klubu gənc oyunçunun 2025-ci ilin yayına kimi “Boka Xuniors”da icarədə oynamasına qərar vermişdi. Lakin “zadəganlar” bu qərarı dəyişiblər və Anselminonun qış fasiləsində “Çelsi”yə qoşulmasını istəyiblər.
Aaron Anselmino “Boka Xuniors”un öz yetirməsidir. O, bu klubun əsas komandasında 23 oyuna çıxıb, 2 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, “Çelsi”nin mərkəz müdafiəçisi Uesli Fofana zədə səbəbindən mövsümü erkən başa vura bilər. Bu barədə “zadəganlar”ın baş məşqçisi Entso Mareska yerli mətbuata açıqlamasında bildirib. Bud nahiyəsindən zədə alan fransalı futbolçunun mövsümün qalan hissəsində meydana çıxmasə böyük sual altındadır. Aaron Anselminonun “Çelsi”yə vaxtından əvvəl cəlb olunmasının da məhz Fofananın zədələnməsi ilə bağlı olduğu bildirilir.
Uesli Fofana “Çelsi”yə 2022-ci ilin avqustunda 80,5 milyon avro qarşılığında “Lester Siti”dən keçib. Cari mövsümdə Fofana “zadəganlar”ın heyətində 12 oyuna çıxıb. Onun “Çelsi” karyerası bütövlükdə 32 oyun və 2 qoldan ibarətdir.
Fofana “Çelsi”dən öncə “Lester Siti” və “Sent Etyen” klublarının da formasını geyinib. O, 2023-cü ilin iyun ayında debüt etdiyi Fransa yığmasında da 1 oyun keçirib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Uesli Fofananı 30 milyon avro məbləğində qiymətləndirir.



