“Bayern”in 35 yaşlı alman veteran hücumçusu Tomas Müller Münhen klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman futbolçunun bu barədə cavabını təqdim edir:
“Mənim gələcəyimmi? Ortada hələ yeni heç nə yoxdur. Mən isə tamamilə sakitəm. Görək nə olacaq”, deyə Müller vurğulayıb.
Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir.
Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 22 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 729 oyun, 246 qol, 271 məhsuldar ötürmədən ibarətdir.
Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


