“Qarabağ” “Kəpəz”ə, “Turan Tovuz” Rumıniya klubuna qarşı

Hazırda toplanışda olan “Qarabağ”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Kəpəz”, “Sumqayıt”, “Zirə”, “Şamaxı” bu gün yoxlama oyunu keçirəcəklər.

Arena.az xəbər verir ki, yanvarın əvvəlindən təlim-məşq toplanışına başlamış Premyer Liqa təmsilçiləri ilk sınaq oyunlarına çıxacaqlar.

Son çempion, hazırkı lider və qış çempionu olan “Qarabağ” “Kəpəz”lə üz-üzə gələcək. Ağdam və Gəncə təmsilçiləri Bakıdakı “Azərsun Arena”da üz-üzə gələcəklər.

Cari mövsümdə uğurlu çıxışı ilə diqqət mərkəzində olan, Premyer Liqanın yarış cədvəlinin ikinci pilləsində qərarlaşmış “Araz-Naxçıvan” “Sumqayıt”la qarşılaşacaq. Bu komandalar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gələcəklər. Oyunun start fiti saat 15:00-da səsləndiriləcək.

Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” “Şamaxı” ilə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyuna saat 17:00-da start veriləcək.

Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşan “Turan Tovuz” da  Rumıniyanın “Qloriya Buzau” komandası ilə üz-üzə gələcək. Bu oyunun Bakı vaxtı ilə saat 16:30-da başlaması nəzərdə tutulub.

Xatırladaq ki, “Turan Tovuz” bu qış fasiləsində ölkədən kənarda hazırlıq keçən yeganə Azərbaycan klubudur. Digər klublarımız qısa fasilə dönəmini elə ölkə ərazisində dəyərləndirməyə qərar veriblər. Elitanın digər təmsilçiləri – “Neftçi”, “Sabah” və “Səbail” də qarşıdakı günlərdə yoxlama oyunlarında qüvvələrini sınayacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: