Bu yaxınlarda peşəkar futbolçu karyerasını başa vurmuş braziliyalı müdafiəçi Marselo təqaüddə nə işlə məşğul olacağını açıqlayıb.
Arena.az Marselonun bu barədə fikrini təqdim edir:
“Mən futboldan yorulmamışam, amma başqa işlərlə də məşğul olmaq istədim. Ailəmlə daha çox vaxt sərf etməliyəm. Uşaqlarımı məktəbə aparacağam, həyat yoldaşımla daha çox ünsiyyət quracağam”.
Braziliyalı məşhur sol cinah müdafiəçisi karyerası ərzində onu ən çox təsirləndirmiş futbolçu haqda da danışıb:
“Mən çox yaxşı oyunçularla oynamışam. Həmişə. Milli komandada bu, mütləq Ronaldinyo idi. Ancaq İsko tərəfindən ən çox təsirlənmişdim. Mənim üçün Luka Modric, Toni Kroos və İsko inanılmaz idilər, amma İsko heç kimin topunu ondan ala bilməyəcəyini söyləyən bir oyunçu idi və bu, bir həqiqətdir”.
Xatırladaq ki, fevralın 6-da Marselonun futbolçu karyerasını başa vurduğu məlum olub. 36 yaşlı futbolçunun sonuncu iş yeri “Fluminense” olub. O, 2024-cü ilin noyabr ayında Braziliya klubundan qovulandan bəri işsiz qalmışdı.
Təcrübəli futbolçu “Fluminense”yə 2024-cü ilin fevralında Pirey “Olimpiakos”undan azad agent qismində keçmişdi. Marselonun “Fluzao” ilə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi. Braziliyalı futbolçunun “Fluminense”nin heyətində ümumi statistikası belədir: 107 oyun, 11 qol, 3 məhsuldar ötürmə.
Marselo daha öncə də “Fluminense”nin şərəfini qoruyub. Braziliyalı müdafiəçi məhz bu klubdan 2007-ci ilin yanvarında 6,5 milyon avro müqabilində “Real”a keçərək, 2022-ci ilin sentyabrına qədər İspaniya nəhəngində çıxış edib. O, məşhur braziliyalı sol cinah müdafiəçisi Roberto Karlosun xələfi kimi həm “Real”da və həm də Braziliya millisində yüksək səviyyəli sabit oyunu ilə fərqlənib.
“Mars” “Real”la 6 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kral Kubokunun, 5 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Marselo 2006-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 58 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib. “Mars” “selesao” ilə 2013 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.


