Qvardiola Halandın zədəsi ilə bağlı məlumat verdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in norveçli qolçusu Erliinq Halandın zədəsi ilə bağlı məlumat verib.

Arena.az xatırladır ki, Haland İngiltərə Premyer Liqasının “Nyukasl”la 25-ci tur ev oyununun (4:0) sonlarında zədələnərək, əvəzlənib.

“O, yıxılanda hamı qorxdu. Mən həkimlə danışmamışam. Bəlkə də hər şey daha pis ola biləcəyindən pis deyil. Amma Erlinq meydanı təbəssümlə tərk etdi, həkim isə mənə bəd xəbər vermədi, odur ki, mən onunla hər şeyin qaydasında olacağına ümidvaram”, – Qvardiola matçdan sonra bildirib.

Vurğuanır ki, zədəsinin ciddi olacağı halda Haland Çempionlar Liqasının “Real”la 1/16 final mərhələsinin Madriddə baş tutacaq cavab oyununu buraxa bilər. Halandın zədəsinin şiddət dərəcəsi qarşıdakı tibbi müayinələrdən sonra məlum olacaq.

Xatırladaq ki, “Real” – “Mançester Siti” oyunu fevralın 19-da baş tutacaq. İlk oyunda “Real” “şəhərlilər” üzərində 3:2 hesablı əzmkar səfər qələbəsinə sevinib.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.

Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 133 oyun, 117 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 39 oyuna 38 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: