“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Madrid klubunun 33 yaşlı fransalı mərkəz hücumçusu Antuan Qrizmann haqda fikrini bildirib.
Arena.az argentinalı mütəxəsssin bu barədə qənaətini təqdim edir:
“Antuan – fövqəladə oyunçudur, hansı ki bizə keyfiyyət bəxş edir. Mən bircə saniyə belə, ona şübhə etmirəm”, deyə “El Çolo” ləqəbli Dieqo Simeone məmnunluqla bildirib.
“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, Sosyedad klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində 36 oyuna 15 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 425 oyun, 196 qol, 91 məhsuldar ötürmə.
Vurğulayaq ki, Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.
Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.
Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı fransalı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


