Moyze Kenə məşqlərə başlamağa icazə verildi

Həkimlər “Fiorentina”nın kəllə-beyin zədəsi yaşamış italiyalı hücumçusu Moyze Kenə məşqlərə başlamağa icazə veriblər.

Arena.az bu barədə “Fiorentina”nın rəsmi saytına istindən məlumat verir.

“Bu gün səhər Moyze Ken, İtaiya çempionatının “Verona” – “Fiorentina” oyununda aldığı baş zədəsi ilə əlaqədar nəzərdə tutulmuş kliniki müayinələrdən keçib. Müayinələrin uğurlu nəticələrinə görə, futbolçu mütəmadi məşq fəaliyyətini bərpa edə bilər”, – “bənövşələr”in mətbuat xidməti bildirib.

Xatırladaq ki, Moyze Ken İtaliya A Seriyasının 26-cı turunun “Verona” ilə səfər oyununda (0:1) zədələnmişdi. İkinci hissənin ortalarında oyun məqamlarının birində Moyze Kenin də iştirakı ilə bir neçə futbolçunun kütləvi toqquşması baş vermişdi. Tibbi yardım göstərildikdən sonra, “bənövşələr”in hücumçusu başında sarğı ilə meydana qayıtmış, amma bir neçə dəqiqə sonra futbolçu meydanda huşunu itirərək, yıxılmışdı. Tibbi heyətin dərhal müdaxiləsi ilə Kenə meydandaca təcili tibbi yardım göstərilmiş, futbolçuya boyun bandajı qoyulmuş və xərəklə meydandan təxliyə edilərək, xəstəxanaya çatdırmışdı.

Mərkəz hücumçusu Moyze Ken böyük futbolda “Yuventus”un heyətində debüt edib. Ken futbolçu karyerası ərzində “Verona”, “Everton” və PSJ-də oynayıb.

“Fiorentina” Keni 2024-cü ilin iyul ayında “Yuventus”dan 13 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “bənövşələr”in düşərgəsinə qatıb. Florensiya təmsilçisinin italiyalı futbolçu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ken “Fiorentina” üçün 30 oyun keçirib, 19 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Moyze Ken 2018-ci ilin noyabr ayında debüt etyi İtaliya yığmasının heyətində 19 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Moyze Kenin qənimətlər muzeyində “Yuventus”la qazandığı İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku, həmçinin PSJ ilə qazandığı Fransa Kuboku və Fransa Super Kuboku var.

“Transfermarkt” internet-portalı 25 yaşlı italiyalı mərkəz hücumçusunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: