Xulian Alvares “Real”ı təbrik etdi

Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares “Real”ı Çempionlar Liqasının 1/8 finalında qələbə münasibətilə təbrik edib.

Arena.az argentinalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Biz bu mərhələni adlaya bilmədik, amma komandamız xasiyyətini, fədakarlığını, şövqünü nümayiş etdirdi. Madrid “Real”nı qələbə münasibətilə təbrik edirik”, deyə Alvares özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Xatırladaq ki, hər iki komanda doğma meydanda 1:0 hesablı qələbə qazanıb, “qaymaqlılar” isə səfərdəki oyunun penaltilər silsiləsində dəqiq olublar – 4:2. Oyunsonrası penaltilər silsiləsində hesab 2:1 “Real”ın xeyrinə ikən “döşəkçilər”in ikinci penaltisini vurmaq üçün “nöqtə”yə yaxınlaşmış Xulian Alvares dəqiq olsa da, zərbənin icrası zamanı texniki naşılığa yol verib. O, zərbə vurmaq istəyərkən sürüşüb. Hakim argentinalı futbolçunun topa iki dəfə toxunuş etdiyini əsas gətirərək, qolu ləğv edib. Beləcə “Real” həm hesab və həm də psixoloji üstünlüyünü saxlayaraq, penaltilər silsiləsini öz xeyrinə uğurla başa vurub.

Hazırda bu qalmaqallı məqam nəinki İspaniya mətbuatında, hətta dünya mediasında da qızğın surətdə müzakirə edilir.

Xatırladaq ki, Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvares “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 43 oyunda 22 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 42 oyuna çıxıb, 11 qol vurub, 2 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğin qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: