“Real”ın və İspaniya yığmasının keçmiş qapıçısı İker Kasilyas “Bayern”in kapitanı, 38 yaşlı alman qapıçı Manuel Noyeri qiymətləndirib.
Arena.az veteran futbolçunun müvafiq qənaətini təqdim edir:
“Noyer bütün qapıçılar üçün bir nümunədir. O, futbol tarixində ən yaxşı qapıçılardan biridir”, deyə Kasilyas vurğulayıb.
Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 33 oyuna çıxıb, 26 qol buraxıb, 18 oyunda qapısının toxunulmazlığını təmin edib.
Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 554 oyun, 453 buraxılmış qol və 262 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 11 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə Çempionlar Liqasının qalibi olub.
Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


