DÇ-2026-ya vəsiqə qazanmış ilk komanda məlum oldu

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına (DÇ-2026) vəsiqə əldə etmiş ilk milli komanda müəyyənləşib.

Arena.az məlumat verir ki, Yaponiya millisi evdə Bəhreyn yığmasını 2:0 hesabı ilə məğlub edərək, mundiala vəsiqəsini rəsmiləşdirib.

7 oyundan 19 xal toplamış Yaponiya yığması Asiya seçmə mərhələsnin 3-cü qrupunda 19 xalla liderdir. Bəhreyn isə 6 xalla 6 komanda arasında 5-ci pillədədər.

Bu, Yaponiyanın dünya çempionatlarında 8-ci iştirakı olacaq. “Samuraylar”ın ən yaxşı nəticəsi DÇ-2002, DÇ-2010, DÇ-2018 və DÇ-2022-də vəsiqə qazandıqları 1/8 final mərhələsi olub.

Ümumilikdə Yaponiya yığması dünya çempionatlarının final mərhələrində 25 oyun keçirib, 7 qələbə, 6 heç-heçə, 12 məğlubiyyət yaşayıb. Top fərqi isə 25:33 nisbətindədir.

Xatırladaq ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək. 48 komandanın iştirakı ilə təşkil olunacaq yarış 2026-cı ilin iyun-iyul aylarında baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: