Futbol üzrə Braziliya millisinin və “Real”ın ulduz hücumçusu Vinisius Junior Kolumbiya yığmasına vurduğu qoldan danışıb.
Arena.az məlumat verir ki, “Vini” 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin Kolumbiya yığması ilə 13-cü tur oyununda 90+9-cu dəqiqədə vurduğu qolla “selesao”nun 2:1 hesablı qələbəsini təmin edib.
“Mən, bizim nümayiş etdirdiyimiz oyundan çox razıyam. Biz bu qələbəyə layiq idik, mən isə bu qola layiq idim. İndi özümü xoşbəxt hiss edirəm. Mən, milli komandaya və bütün komanda yoldaşlarıma mənim üçün hər gün etdiklərinə görə çox şeydə borcluyam”, – “Marca” nəşri “Vini”dən sitat gətirir.
13 oyundan 21 xalla Braziliya millisi CONMEBOL bölgəsi seçmə mərhələsini yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 39 oyuna çıxıb, 18 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 304 oyun, 103 qol, 71 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 38 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.


